UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin oyunlarına start verilir. Mötəbər klub turnirində yeganə təmsilçimiz “Qarabağ” bu mərhələnin ilk matçında “Ludoqorets”i qəbul edəcək. Tarixdə ilk dəfə üz-üzə gələn komandaların Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunundan əvvəl baş məşqçilər mətbuat konfransında fikirlərini bölüşüblər. Qurban Qurbanov mövsümün əvvəlində yaşanan çətinliklərdən söz açıb: "Futbolçularımızı hazırlamışıq. Amma əvvəlki oyunlardan fərqli olaraq tam istədiyimiz kimi hazırlaya bilmədik. Çünki çempionat matçımız var idi. Məşqimiz tam istədiyimiz keyfiyyətdə keçmədi. Oyunun vacibliyini hamımız bilirik. Futbolçular oyundan oyuna daha yaxşı performans göstərmək üçün hazırdırlar. Sabah çalışacağıq ki, həmişə olduğu kimi azarkeşlər oyunumuzdan razı qalsınlar, baxımlı oyun izləsinlər. Bu cür yanaşmaq çox vacibdir. Futbolçular bunu dərk etməlidirlər. İnanıram ki, azarkeşlər razı qalacaq".

“Ludoqorets”ə rəhbərlik edən Giorgi Dermenciyev isə “Qarabağ”ın gücündən danışıb.

Qurban Qurbanov 10 ildən çoxdur ki, “Qarabağ”ın “sükanı arxası”ndadır. O, olduqca güclü komanda formalaşdırıb. Təsadüfi deyil ki, rəqibimiz son illərdə Avropa arenasında öz layiqli yerini tutub. Bizim də beynəlxalq səviyyədə kifayət qədər təcrübəmiz var. “Qarabağ” Azərbaycanda hegemonluq edirsə, “Ludoqorets” də Bolqarıstanın bayraqdarıdır. Hesab edirəm ki, azarkeşləri çox maraqlı oyun gözləyir.

Bu gün saat 20-də başlanan “Qarabağ” – “Ludoqorets” oyununu isveçrəli Urs Şnayder idarə edəcək. Əlavə edək ki, bu cütün qalibi pley-ofda “Dinamo” Zaqreblə üz-üzə gələcək.